Kult film
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir.
Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.
Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür.
Kult anlayışı subyektivdir.